Son xəbərlər:
Silahlı Qüvvələr döyüşə hazır vəziyyətə gətirildi – Rusiyaya qarşı                        BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşdü                        Ermənistanda əlil hərbçi təqaüd ala bilmir                        Acundan boşanan Şeymanın Çağatayla gecə klubundakı görüntüləri ortaya çıxdı - VİDEO                        Əməkdar artistin oğlu atasının ölüm səbəbini açıqladı – VİDEO                        “Nə gizlədim, görən kimi Bəxtiyara vuruldum...” – BDU-nun professoru                        Gürcüstanda bütün seçki məntəqələri prezident seçkilərinin ikinci turuna hazırdır                        Azərbaycan-Türkiyə-Gürcüstan birgə hərbi təlimləri başa çatdı                        Sosial müavinətlərin məbləği artacaq                        Türk Hava Qüvvələrində FETO əməliyyatı –Daha 82 hərbçi həbs olundu                        25 yaşlı rus gözəli 49 yaşlı müsəlman krala ərə getdi – FOTO                        Nazir açıqladı: "Bu qanunun qəbulu əhalinin bank kreditlərinə çıxışını artıracaq"                        Elzadan onu tənqid edən Rasim Balayevə cavab: "Sənə verdi, ona verdi..."                        Venediktov: Kerç böhranı Putinin işinə yarayır                        Spiker yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı nazirə təklif verdi                        2019-cu il üzrə dövlət büdcənin layihəsi II oxunuşda qəbul edildi                        İnam Kərimov: Üç il müddətində 10 minə yaxın aqrar könüllünün iştirak edəcəyi proqram icra olunacaq                        Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə növbəti müsahibə elan edilib                        Mövlud Çavuşoğlu jurnalist Camal Kaşıkçının qətli ilə bağlı bəzi təfərrüatları açıqlayıb                        “Müharibə edib torpaqlarımızı almalıyıq ki, əsirlərimiz də azad edilsin...”                        Milli Məclisə əlavə 10.1 milyon manat ayrıldı                        Xanım deputat nikbin danışdı: “Böyük uğurlar əldə ediləcək”                        ABŞ şahzadəyə sanksiya tətbiq edəcək                        ABŞ miqrantlara gözyaşardıcı qaz sıxdığını təsdiqlədi                        FHN: Dənizdə qalan balıqçıların xilas edilməsi üçün tədbirlər görülür                        Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb                        Sabah hava əsasən yağmursuz keçəcək                        Karaçidə “IDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi açılıb                        Kiyev vilayətində 100-dən çox aviabomba zərərsizləşdirilib                        Milli Məclisin növbəti plenar iclası keçirilir                       
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-noy-2018 / ( 14:12 )
 
 
Tarix: 26-11-2018, 12:07
“Müharibəyə getməyib deputat olanların durub Qarabağ əlillərinə ağıl öyrətməyə mənəvi haqqı yoxdur”
“Əmr olunmuşdu ki, Surət Hüseynovun vertolyotu gəlsə, onu vurum, amma..."
Qafqazinform.az Modern.az-a istinadən Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev ilə müsahibəni təqdim edir:

Qısa arayış: Vahid Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya göz açıb. Uşaqlıq illəri Niyazqullar kəndində keçib. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirib. 1974-cü ildə isə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Özbəkistanda və Rusiyanın Obninsk şəhərində keçirib. 1976-cı ildə hərbi xidməti başa vurub, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1981-ci ildə universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilib. 3 il orada müəllim işlədikdən sonra Bakıya qayıdıb və “Azon” zavodunda işə qəbul edilib...

Daha sonra isə Vahid Quliyevin döyüş yolu başlayıb...

- 1992-ci ildə cəbhəyə getmək üçün neçə dəfə müraciət etsəniz də, sizi ora aparmaqdan imtina ediblər. Bir yandan da deyirlər ki, həmin vaxt kadrlar yox səviyyəsində idi. Gəlin, birinci bu paradoksa aydınlıq gətirək.

- Əlbəttə ki, yerli hərbi kadrlar yetərincə deyildi. Sovet bürokratiyasının üsulu qalmışdı. Kim harasa getmək istəmirdisə, onu həmin yerə aparmağa cəhd edirdilər. Kim də hara getmək istəyirdisə, onu aparmırdılar. Hərbi Komissarlıqda kapitan Cəfərov deyilən biri var idi. Mən Bakıda olsam da, valideynlərim Cəbrayılda yaşayırdılar. Valideynlərimin orada qalması məni çox narahat edirdi ki, nə zamansa ermənilər onlara da nəsə zərər verə bilər.

Özümdən asılı olmadan müharibəyə getmək, müharibə iştirakçısı olmaq istəyirdim. Buna görə də, yaşadığım Yasamal Rayon Hərbi Komissarlığına müraciət etdim.

Həmin kapitan Cəfərov məni qəbul etdi, ixtisasımın nə olduğunu soruşdu. İxtisasımın tank əleyhinə idarə olunan raket kompleksi üzrə tağım komandiri olduğunu dedim.

Kapitan Cəfərov “bilirsiniz, indi zabitlərin maaşı yüksəkdir, siz isə müharibə zonasına getmək istəyirsiniz. Gündə bir meyit gəlir. Gəlin sizi, Badamdar ya da Biləcərikdəki hərbi hissələrin birinə yollayaq, orada xidmət edin” dedi. Mən isə buna izah etdim ki, valideynlərim cəbhə bölgəsində yaşadığına görə döyüşlərə qatılmaq istəyirəm. Belə olan halda kapitan Cəfərov “bağışlayın, hazırda sizin ixtisas üzrə tələbat yoxdur. Ünvanınızı verin, sizinlə əlaqə saxlayacağıq” deyə bildirdi.

Mən bu müraciətimi may ayında etmişdi. Avqust ayında gördüm ki, məni çağıran yoxdur, yenidən Hərbi Komissarlığa müraciət etdim. Yenə də mənə eyni sözü dedilər. Bunlar isə məndən Badamdarda işə başlamağıma görə rüşvət istəyirdilər.

- Nə qədər?

- Məbləğini deməmişdilər. Sadəcə qeyd etdi ki, zabitlərin maaşı yaxşıdır. “Bir az hörmət elə, səni Badamdarda işə düzəldək” deyirdi. Axırı Hərbi Komissarlıqda işləyənləri aldatdım, dedim ki, Badamdardakı hərbi hissənin yerini deyin, gedim baxım, bəyənsəm gəlib sizə müraciət edəcəyəm. Bunlar da mənə yerini izah etdilər, mən də həmin hərbi hissəyə getdim.

Qapıda iki əsgər dayanmışdı, onlara yaxınlaşdım, ehtiyatda olan baş leytenant olduğumu bildirdim. Hərbi hissə komandiri polkovnik Əli Bağırovun qəbuluna getdim. Bağırov, cüssəli idi, bığları var idi, özü də Koroğluya oxşayırdı.

Dedi ki, hazırda mənim kimi mütəxəssislərə ehtiyac var. Qeyd etdi ki, Qobuda hərbi hissəni ruslardan təhvil almışıq. Komandir məni Qobuda polkovnik İsrafilovun yanına göndərdi. Həmin hərbi hissəyə getdim.

Hərbi hissəyə daxil olan kimi dostumu gördüm. Ondan vəziyyəti soruşduğumda bildirdi ki, texnikalar nasaz vəziyyətdədir.

Deməli, SSRİ qoşunlarını Azərbaycandan çıxaran zaman, texnikaları da sıradan çıxarmışdı. Həmin sıradan çıxmış texnikaları da zavod möhürü ilə plomblayıb, bizimkilərə təhvil vermişdilər. Heç bir texnika atışa yararlı deyildi. Həmin vaxt Bakı Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsində işləyirdim. Zavodda yarımkeçirici mikrosxemlər istehsal olunurdu. Mikrosexmlərdən az-çox başım çıxırdı.

Hərbi hissəyə gələndən bir gün sonra əmrimi verdilər, hərbi forma geyindim. Bu, 1992-ci ilin avqust ayının 20-nə təsadüf edirdi. Səhər hərbi hissənin qərargah rəisi mayor Çernov bizi sıraya düzdü. Bizi hərbi texnika yerləşən parka gətirdi. Məni də Malik adlı leytenantla hərbi texnikalardan birinə nəzarətçi təyin etdilər.

- Qərargah rəisi rus idi. Çernovun bizə münasibəti necə idi? İstəyirdimi Azərbaycan müharibədə qalib gəlsin?

- SSRİ-dən qalmış zabitlərin hamısı rusmeylli idi. Çernov Bakıda doğulub boya-başa çatmış rus idi. Deyirdilər ki, arvadı da guya azərbaycanlıdır. Çernov həmin hərbi hissədə SSRİ vaxtında batareya komandiri vəzifəsində çalışmışdı. Buna görə də, məntiqlə həmin texnikaları çox yaxşı bilməli idi. Amma mən hərbi hissədə olduğu müddətdə onun bir dəfə də olsun zabitlərə texnikalar haqda məlumat verdiyini görmədim.

- Məqsədli şəkildə belə edirdi?

- Əlbəttə. Bizimkilər o vaxt çox böyük həvəslə rus zabitləri mütəxəssis kimi hərbi hissələrə qəbul edirdilər. Mayor Çernov içki aludəçisi idi. Həmin mayor hər səhər işə gələndə sərxoş olurdu. Hər dəfə hərbi hissə komandiri onu danlayırdı, amma xeyri olmurdu.

Hərbi hissə komandiri İsrafilov özü topçu idi. Həddən artıq vətənpərvər insan idi. O topçu olduğuna görə tank əleyhinə raket komplekslərini bilmirdi. İsrafilov kitabları götürüb oxuyub öyrənirdi.

2 gün parka gedib-gələndən, universitet illərində əldə etdiyim bilikləri təzələyəndən sonra həmin texnikalara baxmağı qərara aldım. Səhər düzülüşündə yaxınlaşdım, xahiş etdim ki, hərbi texnikaları açsınlar, baxaq. Mayor Çernov etiraz etdi, rusca söyüş söydü. Görün bu mayor nə dedi: “Gedin, onsuz baxsanız da, heç nədən başınız çıxmayacaq”.

Nə isə, razılıq verdi. O gedən kimi Maliki çağırdım, plombları, qapıları açdıq. İçəridə qutular var idi. Üstlərinə rusca “BO” yazılmışdı, yəni idarəetmə bloku. Birinci bunları açdıq. Açan kimi gördük ki, bütün mikrosxemlər doğranılıb, qırıntıları da ora tökülüb. Başa düşdüm ki, texnikaların işləməməsinin səbəbi budur.

Bunu hərbi hissə komandirinə məruzə etdim. O, divizion komandirinin müavinini çağırdı, göstəriş verdi ki, ehtiyat ləvazimatlar qutularını da açsınlar, ehtiyat bloklardan birini texnikaların üstünə qoysunlar. Belə də etdik. O yeşikləri 2 günə açdıq. Heç birindən həmin bloklar çıxmadı.

Vəziyyət o yerə gəlmişdi ki, həmin texnikaların prinsipial elektrik sxemlərinə aid kitablar da ehtiyat ləvazimatlar qutusundan götürülmüşdü.

Təsadüfən, bir neçə gündən sonra yeşiklərdən birindən blok çıxdı. Necəsə biri qalmışdı... Həmin bloku qoyduq, maşın işlədi.

O günün axşamı mən avtobusla şəhərə gəlirdim. Yanımda bir qazax kapitan oturmuşdu. Soruşdum, dedi ki, mən olduğum hərbi hissədə xidmət edib.

Bildirdi ki, artıq vətəninə getməyə hazırlaşır. “Bəs sən bu hərbi hissədə işləmisən, özün də bilirsən ki, Azərbaycan müharibədədir. Niyə bu texnikaları sıradan çıxarıb, bizə vermisiniz?” deyə sual etdim.

And içdi, dedi ki, bu texnikalar gəlib, qarajlarda saxlanılıb, bunlar da sadəcə həmin texnikalara xidmət ediblər, tozunu siliblər. Bildirdi ki, onlara həmin texnikalardan heç istifadə etməyə icazə verilməyib.

Deməli, məsələ belə olub. Bir müddət əvvəl zavoddan mütəxəssislər gəlib, təhvil-təslim zamanı idarəetmə bloklarını sıradan çıxarıblar və gediblər. Bizimkilər də qəbul edəndə zavod möhürü ilə plomblandığını görüblər, təzə maşın kimi qəbul ediblər. Qəbul edənlər əlbəttə ki, mütəxəssis olmayıblar.

- Vahid müəllim, həmin vaxt siyasi proseslər də özünün zirvəsinə qalxmışdı. Heç siyasi proseslərə qoşulmaq barədə düşünürdünüzmü?

- Mənim fikrim yalnız o idi ki, Qarabağ müharibəsində iştirak edim və düşməni torpaqlarımızdan uzaqlaşdıraq.

- Sentyabrda Qarabağ cəbhəsinə yollanmısınız. Özünüzü döyüşlərə hazır hiss edirdinizmi?

- Mən peşəkar zabit deyildim. Mən Hərbi Komissarlığa müraciət etməmişdən qabaq çox düşünmüşdüm. Mən müharibənin həyəcanını hətta yuxularımda da canlandırırdım. Özümü döyüşə tam hazır hiss edəndən sonra Hərbi Komissarlığa yollanmışdım.

O zaman SSRİ-nin Böyük Vətən Müharibəsi ilə bağlı çəkdiyi filmlərin qəhrəmanları mənim fikirlərimdə canlanırdı. Özümü psixoloji cəhətdən müharibəyə tam hazır hiss edirdim.

Məni Ağdamda Uzundərəyə yolladılar. Bir həftədən sonra bizi döyüş bölgələrinə payladılar. Uzundərədə olanda da atəş açılırdı. Artıq mənim başım bu atəş səslərinə uyğunlaşırdı.

Döyüş meydanına, atəş mövqeyinə gedəndə artıq qorxu yox idi.

- Çox eşidirik ki, həmin vaxtlar orduda hərc-mərclik, intizamsızlıq hökm sürüb. Siz hansı növ intizamsızlıqla qarşılaşmışdınız?

- Sovet hökuməti azərbaycanlıları həmişə silah olan hərbi hissələrdən uzaq tutmağa çalışıb. Orduya gedən azərbaycanlılar da əsasən inşaat batalyonlarına cəlb olunurdular

Müharibə başlayanda Azərbaycanda hərbi sahədə mütəxəssis demək olar ki, yox səviyyəsində idi. Mən ora gedəndə yalnız azərbaycanlı hərbi hissə komandiri mütəxəssis idi. Sonradan Belarusdan bir kapitan gəldi, onu hərbi hissə komandirinin müavini qoydular.

Hərbi məktəbdən bir leytenant qaçıb gəlmişdi, onu da qərargah rəisi qoydular. Halbuki o vəzifədə polkovnik-leytenant rütbəsində olan biri olmalı idi. Bunlar hamısı mütəxəssis çatışmazlığı ilə bağlı idi.

Bilirsiniz ki, o zaman hərbi hissələr özünümüdafiə batalyonlarından təşkil edilmişdi. Kim idi bu batalyonda olanlar? 3-5 adamı ətrafında cəmləyib, onları idarə etməyi bacaran, heç bir hərbi ixtisası olmayan insanlar. Məsələn, Ağdamda Qatır Məmməd (Yaqub Rzayev). Onun heç bir savadı yox idi. Çiyninə polkovnik rütbəsi taxıb batalyon komandiri vəzifəsini icra edirdi. Düzdür, çox vətənpərvər idi, torpağını sevirdi. Lakin hərbi qayda-qanunu, hərbi texnikanı bilmirdi.

Hərbidə özbaşınalıq, mənəm-mənəmlik hökm sürürdü. Vahid idarəetmə, özündən yuxarı komandirə tabe olmaq kimi bir ənənə yox idi. Hərə özünü komandir sayırdı, öz fikri ilə nələrsə etməyə çalışırdı. Bu da başıpozuqluğa gətirib çıxarırdı.

Nəticədə də uğursuzluqlar meydana çıxırdı.

Məni də Qatır Məmmədin tabeliyinə vermişdilər.

- Onunla mübahisəniz düşürdü?

- Xeyr. Düzü, Qatır Məmmədlə mübahisə də edə bilməzdim. Kimsə Qatır Məmmədlə mübahisə etsəydi, o, silahını çəkib həmin adamı orada güllələyə bilərdi. Qatır Məmmədlə mübahisə etmək ağılsızlıq olardı.

Ancaq fikir deyə bilərdin, buna da “yox” dedilərsə, vəssalam, qurtardı getdi.

- Sizə nədə “yox” deyilmişdi?

- Mən deyirdim ki, hərbi texnikanı filan yerə qoyaq. Onlar deyirdi ki, yox, başqa yerə qoymaq lazımdır. Başa salmaq istəyirdim ki, atış məsafəsi buna imkan vermir. Amma deyirdilər ki, yox, düşmən oradan gələcək. İzah etməyə çalışırdım ki, bu silah şəxsi heyət yox, hərbi texnika vurmaq üçündür. Etiraz edirdilər, mən də buna qarşı çıxa bilmirdim. Hərbi savadsızlıq lazımsız qərarları qəbul etməyə gətirib çıxarırdı.

- Müsahibələrinizin birində demisiniz ki, sizə yalnız tank və BMP vurmağa icazə verilirdi. İndi düşmənin başqa texnikalarını görsəydiniz vurmayacaqdınız?

- Bizim raketlərin qiyməti 14 min dollar idi. Ona görə də deyirdilər ki, ancaq tank və BMP vura bilərsiniz. Başqa heç nəyə atəş açmaq olmazdı. Birinci güllə dəyməyəndə cəza verilirdi. Ancaq məndə belə bir hal olmayıb.

Dövlət özü siyasi və iqtisadi böhran içərisində idi. Bu tapşırıq o məqsədlə verilmişdi ki, silah-sursat israf olunmasın. Əmr olunmuşdu ki, yalnız mühüm, şəxsi heyəti məhv etməyə qadir olan silahlar birinci vurulmalıdır.

Təbii ki, bir maşın, bir avtobus erməni gəlirdisə, onları vurmamaq da düzgün olmazdı.

- Bir neçə cəbhədə döyüşmüşünüz. Heç Surət Hüseynovla rastlaşmışdınızmı?

- Surət Hüseynovun dəstəsi olan yerlərdə mən olmamışam. Amma sizə başqa bir şeyi demək istəyirəm. Surət Hüseynov artıq hakimiyyət iddiasına düşəndə mən Qubadlıda döyüşlərdə idim. Belə deyilmişdi ki, Surət Hüseynovun əmri ilə Qubadlının İcra Hakimiyyəti mühasirəyə alınacaq. Məni Yazıdüzündən, döyüş mövqeyindən çıxarıb, gətirib Həkəri çayının üstündəki mövqeyə qoydular. Bu mövqe İcra Hakimiyyəti istiqamətində idi. Mənə deyilmişdi ki, Surət Hüseynovun adamları vertolyotlarla gələcək, İcra Hakimiyyətini zəbt edəcək və icra başçısını dəyişəcəklər. Mənə əmr olunmuşdu ki, Surət Hüseynovun vertolyotu gəlsə, onu vurum.

- Bu əmr Müdafiə Nazirliyi tərəfindən verilmişdi?

- Xeyr, yerli batalyonlar tərəfindən. Mənə göstəriş verilmişdi ki, vertolyot gəlsə, vurum. Amma bu vertolyot gəlmədi. Düzü mən özüm də tərəddüd içərisində idim ki, gəlsə vurum yoxsa yox!

- Etiraf edirsiniz ki, qorxurdunuz?

- Düşünürdüm ki, batalyon komandiri mənə göstəriş verib, hərbi hissə komandiri yox. Amma məni mövqedən çıxarmaq üçün hərbi hissə komandirindən arayış gətirmişdi. Yoxsa mən özbaşına çıxa bilməzdim. Tərəddüdüm başqa şeylə bağlı idi. Sual edirdim ki, bu, dövlət tərəfindən verilən göstərişdir, yoxsa batalyon komandirinin şəxsi göstərişidir?

- Bəs özünüzün şəxsən o helikopteri vurmaq istəyiniz var idimi?

- O zaman mənim siyasətdən başım çıxmırdı. Məni yalnız ermənilərin texnikasını vurmaq maraqlandırırdı. Özümüzünküləri vurmağı düşünmürdüm. Mən hər hansı iğtişaş yaradıb həmin iğtişaşın iştirakçısı olmaq məqsədi ilə müharibəyə getməmişdim. Bu cəhətdən mən çox tərəddüd edirdim. Elə yaxşı ki, Surət Hüseynovun adamları gəlmədi. Ola bilərdi ki, mən vertolyotu vurmaqdan imtina edərdim. Ya da başqa bir şey baş verə bilərdi.

- Demisiniz ki, Qubadlı uğrunda gedən döyüşlərə metrodan, küçədən insanlar tutub gətirmişdilər.

- Bəli. Çünki qoşun, peşəkar hərbçi yox idi. Əsl vətənini sevənlər müharibənin ilk vaxtlarında könüllü şəkildə döyüşlərə getmişdilər. Amma rayonlar işğal ediləndən, orduda hərc-mərclik baş alandan sonra xidmət edənlərin də əlini soyutmuşdu. Dövlət səviyyəsində orduya dəstək yox idi. Bu da ruh düşkünlüyü yaradırdı.

- Kəlbəcər işğal olunan zaman harada idiniz?

- Mən o zaman Qubadlıda döyüşürdüm.Mən Kəlbəcərin işğal olunmasını radiodan eşitdim. Çox kədərləndim. Çalışdım ki, əsgərlər Kəlbəcərin işğal olunmasını bilməsinlər ki, onlarda ruh düşkünlüyü yaranmasın.

- 1992-ci may ayında Laçın da zəbt edildi. Düzdür, siz o zaman hələ müharibədə deyildiniz. Amma bu sualı verək: Çingiz Mustafayevin məşhur kadrları var. O insanları Laçını qoyub qaçmaqda təqsirləndidir. Kim idi o insanlar?

- İndi çoxu başqa-başqa sözlər danışır. Mən Laçın briqadasının zabitləri ilə söhbət etmişəm. Deməli, Laçının işğalı ərəfəsində orada yerləşən hərbi hissə ləğv olunmuşdu, yerinə başqası yaranmışdı.

Laçın döyüşündə iştirak edən əsgərlərin çoxu sonradan heç veteran statusunu ala bilmədilər. Çünki həmin ərəfədə Müdafiə Nazirliyinin əmri ilə onların hərbi hissəsi ləğv olunmuşdu. Daha doğrusu dövlət tərəfindən qeydiyyata alınmayan özünümüdafiə batalyonları ləğv edilmişdi. Onların bir hissəsi də acıq edib gedirdilər.

Rəhmətlik Çingizin çəkdiyi kadrlardan görünür ki, hərbçilərin bir qismində silahlar var. Bu bilirsiniz nə idi? Hesab edirəm ki, bu, hərbi hissə komandirlərinin səriştəsizliyinin nəticəsi idi. Çünki silahları təhvil almamışdılar. Mən inanmıram ki, laçınlı vətənini atıb getsin.

- Qubadlının işğalını proqnozlaşdırmışdınız?

- Nəinki Qubadlının, heç bir rayonun işğalını proqnozlaşdırmamışdım. Biz ora getmişdik ki, torpaqlar tutulmasın. Hamı bunu istəyirdi. Sadəcə peşəkar zabit heyətinin olmaması, Rusiya amili torpaqların işğalına gətirib çıxardı.

Mənim xidmət etdiyim mövqedə ancaq öz hərbi hissəmizin əsgərləri idi. Bizim mövqedə 4 ədəd tank əleyhinə top, onun şəxsi heyəti və sürücü dururdu.

Bayaq siz də dediniz, bura silahsız, metrodan, yoldan tutulan uşaqlar gətirmişdilər. Onları düzdülər, “irəli hücum” əmri verildi. Səhər açılanda gördük ki, hamısı qaçıb gedib. Bütün cəhdlərimizə baxmayaraq Qubadlını saxlaya bilmədik. Avqustun 31-də ermənilər saysız tank və BMP-lərlə hücuma keçdilər və rayon işğal olundu.

Bununla belə deyə bilərəm ki, bizlər son nəfəsimizə qədər vuruşmuşuq.

Bu hadisədən sonra bizi Zəngilana apardılar. Orada da bir tank vurdum.

Ümumilikdə döyüşlərdə 14 tank vurmuşam. Onlardan da 10-u rəsmi şəkildə qeydə alınıb. Yəni hansı tankın vurulmasını hərbi hissə komandiri, artilleriya rəisi görübsə, onlar qeydə alınmışdı. 1994-cü ildə ermənilərin ciddi cəhdlə Yevlaxa qədər almaq istədiyi bildirildi və biz, Ağdam istiqamətində döyüşə başladıq.

Bu döyüşlər zamanı 6 tank vurmuşdum. 1994-cü il oktyabrın 9-da elə Ağdamda postda radioya qulaq asırdım. Xəbərlərdə öz adımı da eşitdim ki, mənə Milli Qəhrəman adı verilib.

- Döyüş xatirələrinə çox kökləndik. Sulları dəyişmək zamanıdır. Bu gün bəzi şəhid ailəsi “qanpulu” ala bilmir, buna görə də etiraz edirlər. Kimlərsə problem yaradırlar?

- Ola bilsin ki, bəziləri qanunu düzgün bilmir, hara müraciət olunacağını bilmir. Bu insanlara düzgün yolları başa salmaq lazımdır. İnsanlar var ki, döyüşüblər, amma veteran statusu ala bilməyib. Həmin adamların da veteran statusu, hərbi hissədə qeydiyyatı yoxdursa, şəhid statusu ala bilməyiblər. Buna görə də, belə məsələlər araşdırılmalıdır.

Həmin döyüşdə olan insanların şahidliyi ya da başqa bu kimi metodlarla araşdırılmalıdır. Vətən uğrunda şəhid olan hər bir insan bizim üçün əzizdir. Həqiqi, haqqı olan insanlar bu pulu almalıdır.

- Qarabağ münaqişəsindən söz düşərkən, bəziləri yalnız müharibə variantını dəstəkləyir. Danışıqlara heçmi ehtiyac yoxdur?

- Müharibə çox çətin şeydir. İnsanlar ölür, dövlətin iqtisadiyyatı çökür, siyasi böhranlar yaranır. Bütün bunlardan kənara durmaq əlbəttə ki, yaxşıdır. Hamı istəyər ki, torpaqlar geri alınsın. Əsas faktor Rusiyadır. Gəlin sadə bir misal çəkim. Karate ustaları başı ilə kərpici vurub sındırırlar. Amma ora qranit qoysalar, onu sındırmaq çox çətin olacaq.

Hərbi yolla torpaq almaq da belə bir şeydir, çünki ortada Rusiya amili var. Ermənistanın arxasında Rusiya kimi nəhəng bir hərb maşını dayanıb. Əgər biz Qarabağı hərbi yolla almaq istəyiriksə, gözümüzə almalıyıq ki, Rusiya ilə də müharibə edəcəyik. Yox əgər Rusiya ilə müharibədə qazanacağımızı düşünürüksə, buyuraq müharibə edək. Edə bilməyəcəyiksə, havayı yerə insanlar qırılacaqsa, bu, lazım deyil. Azərbaycan dövləti də bu riskləri nəzərə alıb müharibəyə başlamır. Ermənistanın özü isə içiboş kərpic kimidir. Rusiya geri çəkilsə, təkcə Ermənistanla döyüşsək, bir həftəyə torpaqlarımızı azad edərik.

- Milli Qəhrəmanlarla görüşürsünüz?

- Düzü, mütəmadi görüşmürük. Amma müəyyən tədbirlərdə bir araya gəlirik, toplaşırıq. Hərbi paradda demək olar ki, sağ qalmış Milli Qəhrəmanların hamısı orada idi.

- Cəbhə bölgəsindəki hərbi hissələrə tez-tez gedirsiniz?

- Cəbhə bölgəsinə dövlət strukturları ya da QHT-lərin xətti ilə gedirəm. Yoxsa durub təkbaşına ora yollanmıram.

- Milli Məclisdə Qarabağ əlillərindən, veteranlarından bir nümayəndə təmsil olunmalıdırmı?

- Məncə, olsa yaxşı olar. Çünki həmin nümayəndə Qarabağ müharibəsi iştirakçılarının dərdi ilə daha yaxından tanışdır. Yeri gələndə onlarla yumşaq da, sərt də danışmağa haqqı var. Müharibəyə getməyib deputat olanların isə durub Qarabağ əlillərinə ağıl öyrətməyə mənəvi haqqı yoxdur.

- Qarabağdan söz düşərkən, müdafiə nazirləri də göz önündə canlanır. Çox keçmişə getməyək, çünki onlar haqqında çox deyilib, çox yazılıb. Hazırkı müdafiə naziri Zakir Həsənov və onun sələfi Səfər Əbiyev – siz bu iki obrazı necə müqayisə edərdiniz?

- Səfər Əbiyevin vaxtı ilə Zakir Həsənovun dövrü arasında müqayisəolunmaz dərəcədə böyük fərq var. İstər ordunun mənəvi və iqtisadi cəhətdən təkmilləşməsində, istərsə də şəxsi heyətin təlim-tərbiyəsi, qida rasionu, silah-texnika ilə təmin olunma cəhətdən müsbət irəliləyişlər var. Cənab prezident də ordumuza çox böyük diqqət ayırır.

Zakir Həsənovdan sonra orduda çox uğurlu struktur dəyişiklikləri edilib.

Əsas odur ki, orduda əvvəlki illərdə olan neqativ hallar yox dərəcəsində endirilib. Səfər Əbiyevin vaxtında əsgərləri aylığa buraxmalar var idi. İndi isə bu yoxdur.

Bir dəfə, haradasa 2000-ci illərin əvvəlləri idi. Mən o zaman təlim-tədris mərkəzində işləyirdim. Bizim polkovniklərdən birinin oğlu döyüş zonasında xidmətə düşmüşdü, onun yanına getmişdik.

Gedəndə dedilər ki, bəs Azərbaycan təzə texnika alıb. Getdim gördüm ki, Nikolaydan qalma D-44 toplarıdır, sadəcə onları boyayıb yeni adı ilə satıblar. Köhnə texnikaları boyayıb yeni adı ilə Səfər Əbiyevə sırımışdılar. Bilmirəm, Səfər Əbiyev bunu qəsdən etmişdi ya yox.

Amma indi ordumuzda elə müasir texnikalar, silahlar var ki, onları heç tanımıram...


Ana səhifəyə qayıt

Axtariş

Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar